Prezident İlham Əliyev Lixtenşteyn parlamentinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.

 

APA TV-nin məlumatına görə, I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidentini təbrik edən A.Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

 

A.Frik ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycanda və Lixtenşteyndə mövcud olan siyasi və iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib.

 

Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan İ.Əliyev bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq Olimpiya Komitəsinin üzvləri və bütün qonaqlar Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini və bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər.

 

Dövlət başçısı Azərbaycanın Lixtenşteynlə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, sərmayə qoyuluşu, parlamentlərarası əlaqələr və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan İ.Əliyev əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv