Albert Səlimov: “Hər medal üçün böyük güc sərf etmişəm”

“Rəqibimə fənn işlədərək qalib gəldim. Allahın köməkliyi ilə və güclü məşqlər nəticəsində qələbə qazandım”. APA TV-nin məlumatına görə, bu sözləri boks üzrə Azərbaycan yığmasının üzvü Albert Səlimov deyib.

 

Boksçumuz Avropa Oyunlarında qazandığı qızıl medal üçün böyük əmək sərf etdiyini bildirib: “Mənim hər qazandığım medal böyük əziyyət tələb edib. Hər bir medal üçün böyük güc sərf etmişəm. Ona görə də, qazandığım bütün medallar əziyyətimin bəhrəsidir. İlk Avropa Oyunlarının medalını əldə etmək çox önəmlidir. Özümə söz vermişdim ki, qızıl medal qazanacağam və onu əldə etdim. Bir az dincələndən sonra məşqlərə qayıdacağam. Mənə dəstək olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, Avropa Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda fransalı Sofian Oumiyadan üstün olaraq, qızıl medal qazanıb.

 

Boks üzrə Azərbaycan yığması I Avropa Oyunlarını 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Müəllif | Apa.Tv
Apa.tv