Abdulqadir Abdullayev: “Erməni ilə qarşılaşsaydım, onu məğlub edərdim”

“Açığı bilmirəm ki, rəqibimə nə olub. Yəqin ki, zədələnib. Çox sevinirəm ki, qızıl medal qazandım”. APA TV-nin məlumatına görə, bu sözləri boks yığmamızın üzvü, qızıl medal qazanmış Abdulqadir Abdullayev deyib.

 

I Avropa Oyunlarının çempionu adını qazanan təmsilçimiz qələbə sevincini bölüşüb: “Çox istərdim ki, finalda döyüşüm. Erməni idmançı ilə qarşılaşsaydım, onu məğlub edərdim. Qələbəmi valideynlərimə həsr edirəm. Çünki onlar mənim qalibiyyətimi çox gözləyirdilər. Eyni zamanda, qələbə sevincimi Azərbaycan xalqı ilə də bölüşürəm. Çünki onlar məni çox dəstəklədilər. Hələlik gələcəklə bağlı heç bir planım yoxdur. Müəyyən müddət istirahət edəcəyəm. Bundan sonra isə dünya çempionatına hazırlaşacağam”.

 

Xatırladaq ki, Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın sağlamlığında problem yarandığına görə finalda döyüşməkdən imtina edib. Nəticədə Abdulqadir Abdullayev döyüşə çıxmadan, 91 kq çəki dərəcəsində fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Müəllif | Apa.Tv
Apa.tv