Patrik Hikki: "Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq"

"Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq. İlk qitə miqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacaq".

 

APA TV-nin xəbərinə görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

 

Onun sözlərinə görə, I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq. Artıq bu barədə qərar da verilib: "Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi. Bu amil özünü doğruldur. Məşəlin burdan götürülməsi gözəl olardı".

 

"Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq" deyən Avropa Olimpiya Komitəsinin prezidenti bildirib ki, burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq: “II Avropa Oyunları üçün 6 namizəd ölkəmiz var. Hollandiyaya getdik, oradakı obyektlərə baxdıq. Amma siyasi qərara görə bu baş tutmadı. Biz istəyirik ki, coğrafi tarazlıq saxlanılsın. Namizədlərin 5-i ilə danışıq aparırıq. Onlardan ikisi 2023-cü ildəki Oyunlara namizəd olmaq istəyir. Hazırda 3 ölkə ilə 2019-cu il Avropa Oyunları üçün danışıq gedir. Hesab edirəm ki, bundan sonra da Oyunlar yüksək səviyyədə davam edəcək”.

 

Patrik Hikki hesab edir ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır: “Mən buna inanıram. Artıq müxtəlif məkanlar da var. Amma Avropa Oyunlarının təşkilatçılığı bəzi ölkələri də bu yarış üçün həvəsləndirib”.

 

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin, eyni zamanda Bakı-2015 I Avropa Oyunlarının Koordinasiya Komissiyasının sədri Spiros Kapralos qeyd edib ki, Avropa Oyunları həyəcanı bir neçə həftə yaşandı və yarışlar yüksək keyfiyyətlə baş tutdu: “Cənab nazir Azad Rəhimova, könüllülərə dərin təşəkkürümü bildirirəm. Bizə verilən vədlərdən də yaxşı səviyyədə təşkilatçılıq izlədik. Oyunların uğuru həm də innovasiyalarla bağlıdır. Bizdə hətta paralimpiya növü üzrə yarış da keçirildi. 16 idman növünün 12-də Olimpiya təsnifatları baş tutdu. Oyunların mərkəzində əlbəttə ki, idman dururdu. Biz insanlara göstərməyə çalışdıq ki, Azərbaycan xalqı üçün bu Oyunlar çılğın keçirildi. Hazırda bu Oyunların təhlilini aparırıq. Bu təşkilatçılıqdan müəyyən dərslər götürüb, gələcəkdə Olimpiya Oyunlarında tətbiq edəcəyik”.

 

Onun sözlərinə görə, Azərbaycanın Avropa Oyunları üçün inşa edilən idman qurğularına ehtiyacı var. “Gələcəkdə də ölkədə böyük turnirlər keçiriləcək. Şahmat, cüdo üzrə yarışlar, Avro-2020-nin oyunları burada olacaq. Bu da ölkə gəncləri üçün möhtəşəm sərmayədir” - deyə Spiros Kapralos bildirib.

 

Müəllif | Apa.Tv