Milli Şurada yenə qarışıqlıqdı....
Səxavət Soltanlının son açıqlaması Milli Şuranın cəmiyyətdə qalan nüfuzuna zərbə endirməkdən ötrü düşünülüb. Bu sözləri APA TV-ya açıqlamasında ACP liderinin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu deyib.
Onun sözlərinə görə, əsas diqqəti Səxavət Soltanlının kimin müşaviri olmasına yönəltmək lazımdır. Çünki, həmin partiyanın rəsmiləri öz məqsədləri üçün Milli Şuradan istifadə edir və qurum daxilində onlara mane yaradan partiyaları nüfuzdan salmaq istəyir. Sitat: " "El" hərəkatı, ACP, ALP-ni, Milli Şuradan incik salıb uzaqlaşdırsalar öz istədiklərinə daha rahat çata bilərlər. Proses bir neçə gündür ki, silsiləli şəkildə gedir. "Yeni Musavat" qəzeti də bunu yazmışdı. Ertəsi gün İsa Qəmbərin müşaviri bu fikri səsləndirdi. Bir mərkəzdən idarə oluna komandaya bənzəyir bu".
Liberal Partiyasının sədri Əvəz Temirxan isə deyib ki, Səxavət Soltanın açıqlaması onun şəxsi fikri deyil. Sitat: "Müsavat başqanının, həm də iqtidarın qəzeti olan “Yeni Müsavat”ın Lalə Şövkətin üstünə gəlməsi iqtidarla İsa Qəmbərin Lalə Şövkətə hücumudur. Rüstəm İbrahimbəyovu Rusiya layihəsi sayan İsa Qəmbər onun rəhbərliyi altında Londona necə gedir? Rüstəm İbrahimbəyovla necə üz-üzə gələcək?"
Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlının ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin Milli Şuradan çıxarılmasını tələb edib.
"Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu isə APA-ya açıqlamasında Əvəz Temirxanla bağlı sərt ifadələrdən istifadə edib. Sitat: “10 ildən artıqdır Əvəz Temirxanın böhtanları ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri “sakat”dır. O cümlədən də başı”.
R. Arifoğlu ALP sədrinin qeyri-ciddi və bədbəxt adam olduğunu deyib. O, artıq Mili Şura formatının iflasa uğradığını da qeyd edib. Rauf Arifoğlu bütün bunlara rəğmən Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bildirib.