İranın nüvə proqramı ilə bağlı danışıqlar son mərhələdə!
İyunun 30-da İranın nüvə proqramı ilə bağlı Avstriya paytaxtında razılaşma əldə olunacağı gözlənilir. Buna baxmayaraq, danışıqlar həmin tarixdən sonra da davam etdiriləcək.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bunu hazırda Vyanada olan və müzakirələrdə iştirak edən İran və qarşı tərəfin də nümayəndələri təsdiqləyib.
Rusiya və Çindən başqa danışıqlarda iştirak edəcək bütün ölkələrin xarici işlər nazirləri artıq Avstriya paytaxtındadır. Avropa diplomatiyasının başçısı Federika Mogerini bəyan edib ki, danışıqlar çox gərgin keçəcək, amma uğurlu nəticə əldə ediləcəyinə ümid var.
Xatırladaq ki, İranın nüvə proqramı ilə bağlı çərçivə razılaşması bu ilin martında İsveçrədə əldə edilmişdi.