MOK-da son günün medalçıları ilə görüş keçirildi

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə son görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə baş katib Ağacan Abıyevin qatıldığı görüşdə yarışda medal qazanan idmançılar iştirak ediblər.

 

MOK rəsmiləri Avropa Oyunlarının XVI günündə qızıl medal qazanan Albert Səlimov, Pərviz Bağırov və Abdulqadir Abdullayev, həmçinin gümüş mükafat əldə edən Xaybula Musalovu mükafatlandırıblar. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə idmançılarımızın İlk Avropa Oyunlarındakı çıxışından razılığını bildirib.

 

Medalçılarımız Birinci Avropa Oyunlarının onların xatirəsində həmişəlik qalacağını deyiblər.

 

Pərviz Bağırov: "Şükürlər olsun ki, qızıl medal qazandıq, himnimizi səsləndirdik. İndi də istirahət edirik".

 

Fəridə Əzizova: "Artıq bitdi. Bundan sonra biz Olimpiya oyunlarının məşqlərinə başlayacağıq. Yaxşı hazırlaşacağıq ki, orada da uğurlu çıxış edək".

 

Elvin Mürsəliyev: "Oyunlar çox gözəl təşkil olunmuşdu. Azərbaycan da komanda hesabında ikinci yerdə oldu. Bizim idmançılarımız çox güclüdür. Medallar 56-dan çox da ola bilərdi".

 

Xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunduqdan sonra idmançılar prezident İlham Əliyevlə görüşə yola salınıb. 

Müəllif | Apa.Tv
Apa.tv