BDU-da “Azərbaycan milli mətbuatı-140” mövzusunda konfrans keçirildi
Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfrans keçirilib.
APA TV-nin məlumatına görə, konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu söyləyib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb: “Prezident İlham Əliyevin sərəncamı ilə bağlı bölgələrdə, Bakda, Bakı Dövlət Universitetində milli mətbuatın yaranmasının 140 illiyi qeyd edilir. Bu tədbirlərdə mətbuatın inkişaf tarixini təkrar-təkrar şərh edəcəyik, tarixi şəxsiyyətləri yada salacağıq. Eyni zamanda keçmiş ənənələrdən istifadə edərək müasir jurnalistikanın inkişaf strategiyasını formalaşdıracağıq”.
Professor Şamil Vəliyev “Əkinçi” qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən söz açıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist kadrların xaricdəki aparıcı ali təhsil müəssisələrində təhsil alması üçün Dövlət Proqramının qəbul olunmasını təklif edib. Mövhumatçılığa qarşı mübarizədə mətbuatı aktiv olmağa çağıran Ə.Amaşov bu istiqamətdə təhlükələrin istisna edilmədiyini söyləyib.
BDU-nun kafedra müdiri Cahangir Məmmədli “Əkinçi” qəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd edib.
Professor Şirməmməd Hüseynov deyib ki, bu gün tək “Əkinçi”nin deyil, 140 illik milli mətbuatın bayramıdır.
Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri BDU-ya informasiya dəstəyi verdikləri üçün xatirə mükafatlarına layiq görülüblər. BDU-nun yetirməsi, universitetə göstərdiyi diqqət və qayğıya görə Əli Həsənov isə “BDU-nun fəxri dostu” mükafatına layiq görülüb.