Əli Həsənov: “Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər”

“Azərbaycan mediası Qərbin anti-Azərbaycan kampaniyasına lazımi dirəniş nümayiş etdirir. Bu da onu göstərir ki, Azərbaycan mediası inkişaf edib və bu potensiala malikdir”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı-140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Ə.Həsənov bildirib ki, müstəqil media Azərbaycan dövlətinin problemlərini çiyninə götürə, xarici mətbuatdakı qərəzli yazılara cavab verə bilir: “Hər bir jurnalist unutmamalıdır ki, xalqı, dövləti təmsil edir, dövlətə, Vətənə bağlılıq arxa plana keçməməlidir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da artıq yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir. Lakin biz bilirik ki, bu gün Asiyada, Afrikada baş verənlər təqdim olunduğu kimi deyil. Son 10 ildə o dövlətlərin başına nə oyunlar açıldı, müsəlman dünyasında insanları bir-birinə qarşı necə vuruşdurdular?”

 

"Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir" deyən Əli Həsənov bildirib ki, Avropa Oyunları zamanı bəzi xarici ölkələrdə Azərbaycan əleyhinə keçirilən tədbirlərə qatılanların sayı 60-70-dən o yana keçmədi: "Müstəqillik tarixi qısa olan Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var. Qəbul edə bilmirlər ki, niyə prezident İlham Əliyevin reytinqi yüksəkdir, Azərbaycan inkişaf edir. Ona görə də mediamız bu cür anti-Azərbaycan fəaliyyətlərini ifşa etməlidir. Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına yox deməliyik. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz”.

 

Medianın rolundan bəhs edən Əli Həsənov bildirib ki, media ən yaxşı həkim, müəllim, vətənpərvər nümunəsini ekrana və efirə çıxarmalı, kənardan gələn təzyiqləri neytrallaşdırmalıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı