Azərbaycan prezidenti Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif etdi
İyunun 29-da Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Əvvəlcə Birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra dövlət başçısı mərasimdə nitq söyləyib: "Hər bir xırda məsələyə qədər bütün işlər ən yüksək səviyyədə görüldü. Buna görə də oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunlarının keçirilməsinə çox böyük töhfə vermişdi. Deyə bilərəm ki, canını qoymuşdu".
Prezident İlham Əliyev bu oyunların xalqımızın birliyinin nümayişinə çevrildiyini bildirib: "İdmançılarımızın qələbələri bu Oyunları daha da zirvəyə qaldırdı. Tam əminəm ki, bəlkə burada oturanlar, bəlkə ictimaiyyət arasında fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma heç kim inanmırdı ki, ikinci yeri tutacaq. Bu, tarixi qələbədir. Əziz idmançılar, mən sizi bağrıma basıram. Hamımız yəqin ki, bir neçə dəfə kövrəldik, hamımızın elə unudulmaz anları oldu ki, onu sözlə təsəvvür etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq".
Sonra dövlət başçısının sərəncamına əsasən Birinci Avropa Oyunlarının keçirilməsində xidməti olan şəxslərin, uğurla çıxış edən idmançıların, onların məşqçilərinin, idman federasiyası sədrlərinin, Azərbaycan idmanının inkişafında xidməti olanların mükafatlandırma mərasimi keçirilib.
“Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.
Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib. Dövlət başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib: "Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvələr bizi hədəf seçib qorxuda bilməz. Ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq. 17 gün ərzində yaşadığımız xoş anlar üçün sizə dərin minnətdarlığımızı bildiririk. 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və siz bu komandanın şərəfli kapitanı idiniz. Qoy Tanrı sizi və Azərbaycanı qorusun!"
Sonra Birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, dövlət başçısı tərəfindən qalib gələn atletlərə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirilib.