Nazir: "Azərbaycanın Olimpiya Oyunlarına ev sahiblik etməsi təklifini dövlət başçısı irəli sürə bilər"
"Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu". APA TV-nin xəbərinə görə, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib.
Onun sözlәrinә görә, bu rәqәm bir neçә mәrhәlәdә formalaşır: "Sonuncu mәrhәlә Bakıya gәlәn xüsusi texnikalar, liftlәr, kostyumlarla bağlıdır. Hazırda hesablamalar gedir. Mənim təxminimə görə, rəqəm 100 milyondan da az olacaq".
Nazir qeyd edib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub: "Bu büdcə müxtəlif istiqamətlərdə işlənib. Bura açılış-bağlanış mәrasimi, informasiya texnologiyaları, maaşlar vә s. istiqamәtlәr daxildir. Biz büdcәdәn 1 manat da kәnara çıxmamışıq. Manatın devalvasiyasına görә xaricdәn gәlәn mallar üçün әlavә 134 milyon manat lazım idi. Biz o vəsaiti də dövlәtdәn әlavә mәblәğ olaraq istәmәdik, bәzi xәrclәri qәnaәt edərək əvvəldən nəzərdə tutulan büdcədən istifadə etdik".
Azad Rəhimov qeyd edib ki, Bakı Avropa Oyunları Әmәliyyat Komitәsinin Nizamnamәsindә gәlirlәrlə bağlı üç istiqamət var ki, bunlar da bilet satışı, sponsordan gәlәn gәlir vә yayım hüquqlarını satmaqla bağlıdır. Bu 3 istiqamәt üzrә hesablamalardan sonra 15-17 milyon vәsait toplanıb.
Avropa Oyunlarında böyük təcrübə qazanan Azərbaycanın 2024-cü ildə Olimpiya Oyunlarına ev sahiblik etməsi ilə bağlı namizədliyini irəli sürüb-sürməyəcəyinə gəlincə, nazir bildirib ki, bu təklifi dövlət başçısı irəli sürməlidir: "Bunu mən təklif edə bilmərəm. Biz işimizi aparırıq. İndi baxırıq ki, hansı qurğular gələcəkdə böyük tədbirlər üçün yararlıdır. Çünki Olimpiya Oyunlarının keçirilməsi üçün standartlara uyğun idman qurğuları olmalıdır".
Azad Rəhimov Oyunlarda 17 min könüllünün iştirak etdiyini və prezident tәrәfindәn könüllülərə xüsusi mükafatların tәqdim olunacağını bildirib.