Yunanıstanda bankların fəaliyyəti bir həftəlik dayandırıldı
Yunanıstanda hökumətin referendum qərarından sonra vətəndaşların bankomatlara hücum çəkməsi ehtimalına qarşı bankların fəaliyyəti bir həftəlik dayandırılıb.
APA TV-nin xəbərinə görə, bankların bağlanması qərarı bank sisteminin fəaliyyətinin pozulmaması üçün qəbul edilib.
İyulun 6-na qədər bankomatlardan gündəlik çıxarılan nağd pul miqdarına 60 avroluq məhdudiyyət tətbiq edilib. Bank kartları ilə çıxarılan təqaüdlər üçün isə heç bir məhdudiyyət yoxdur.
Hökumətin qərarından sonra bankomatların qarşısında uzun növbələr yaranıb. Gündəlik tələbat malları qıtlığının yarana biləcəyindən ehtiyatlanan vətəndaşlar marketlər və yanacaqdoldurma məntəqələrinə axın edir.
Yunanıstan mətbuatının məlumatına görə, gələn həftənin bazar günü keçiriləcək referendumda borc probleminin həllinin davamına səs verilməyəcəyi təqdirdə, ölkənin Avropa ilə bütün əlaqələri kəsiləcəyi və bəzi malların piştaxtalardan yoxa çıxacağı ilə bağlı xəbərlərdən sonra bir çox adam marketlərdən makaron, düyü kimi ərzaq məhsullarını artıqlaması ilə alır, avtomobillər üçün yanacaq tədarükü görür.
Bundan başqa, işçilərin maaşlarını ödəyə və digər maliyyə problemlərinin öhdəsindən gələ bilməyən bir çox kiçik və orta müəssisələr fəaliyyətini müvəqqəti dayandırıb.