Misirin baş prokuroruna sui-qəsd: ölkədə matəm elan edildi
Misirdə baş prokurora qarşı terror aktı törədilib.
APA TV-nin məlumatına görə, olay nəticəsində baş prokuror Hişam Bərəkət də daxil olmaqla 2 nəfər ölüb, 9 adam yaralanıb.
Hadisə Misirin paytaxtı Qahirədə, Hərbi Akademiyanın yaxınlığında baş verib. Baş prokuror Hişam Bərəkətin avtomobil karvanı yolla gedərkən partladılıb.
Hişam Bərəkət yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, terror aktı nəticəsində daha 1 nəfər ölüb, 9 adam yaralanıb.
Misirdə baş prokurorun öldürülməsi ilə bağlı matəm elan edilib. Ölkə prezidentinin dəftərxanası 30 iyun inqilabının ikinci ildönümü ilə bağlı planlaşdırılan bütün mərasimlərin təxirə salındığını elan edib.
Misirin Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejimində işləyir, polis dəstələri tam döyüş hazırlığındadır. "Müsəlman qardaşları" hərəkatının üzvləri barəsində hökm çıxarmış hakimlərin evləri xüsusi nəzarətə götürülüb. Bundan başqa, Ali Məhkəmənin binasında yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın ərazisində istehkamçılar növbə çəkir, əraziyə xüsusi təlim görmüş itlər gətirilib.
Qeyd edək ki, Hişam Bərəkət "Müsəlman qardaşları" hərəkatına qarşı bir sıra cinayət işlərinin istintaqında iştirak edib. Həmin işlərdən biri üzrə Misirin sabiq prezidenti Məhəmməd Mursi və hərəkatın lideri Məhəmməd Badi barəsində ölüm hökmü çıxarılıb.
Hişam Bərəkət 3 iyul 2013-cü ildə hərbi çevrilişdən sonra baş prokuror təyin edilib.
Terror aktına görə məsuliyyəti "Xalq müqaviməti" adlı qruplaşma öz üzərinə götürüb.