I Avropa Oyunlarında qalib olan Rusiya komandası Moskvada belə qarşılandı - VİDEO

Bakıda keçirilən I Avropa Oyunlarında ümumi komanda hesabında ilk yeri tutan Rusiya komandası dünən axşam saatlarında Moskvaya qayıdıb.

 

APA TV-nin məlumatına görə, rusiyalı idmançıları Şeremetyevo hava limanında Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, gənclər və idman nazirinin müavini Pavel Kolobkov, idmançıların ailə üzvləri, valideynləri, yerli və xarici KİV nümayəndələri və yüzlərlə azarkeş ordusu qarşılayıb.

 

İdmançıların qarşılanma mərasimində çıxış edən ROK prezidenti Aleksandr Jukov Bakıda keçirilən I Avropa Oyunlarında ümumi komanda hesabında qələbə qazanan Rusiya yığmasının Rio de Janeyroda keçiriləcək olimpiya oyunlarında da qələbə qazanacağına ümid etdiyini söyləyib.

 

Jukov Bakıda keçirilən yarışlarda rusiyalı idmançıların, demək olar ki, bütün idman növlərində medallara iddiaçı olduğunu qeyd edib: "Əlbəttə ki, mən Bakıda keçirilən yarışlarda iştirakımızdan çox razıyam. Üzgüçülük üzrə yarışan gənc idmançılardan razı qaldım. Rusiyanın çox yaxşı perspektivi var. Çalışacağıq ki, Rio de Janeyroda da uğurlu iştirak edək".

 

Qeyd edək ki, iyunun 12-28-də keçirilən I Avropa oyunlarında Rusiya 79 qızıl, 40 gümüş və 45 bürünc qızıl medal qazanmaqla 164 medalla ümumi komanda hesabında birinci yeri tutub. İkinci yeri 21-i qızıl olmaqla 56 medalla Azərbaycan, üçüncü yeri isə 18-i qızıl olmaqla 47 medalla Böyük Britaniya tutub.

Müəllif | Apa.Tv
Apa.tv