Rusiyada azərbaycanlı məhkəmə zalını bir-birinə qatdı
Rusiyanın Kemerovo vilayətində Azərbaycan vətəndaşı hakimiyyət nümayəndələrinə qarşı bir neçə cinayətdə ittiham olunur.
APA TV xəbər verir ki, Kemerovo vilayəti üzrə İstintaq İdarəsinin yaydığı məlumata görə, 37 yaşlı Azərbaycan vətəndaşı saxlanılarkən polis şöbəsində polis əməkdaşlarından birinin üzünə qaz balonu püskürdüb. O, inzibati qaydada saxlanılanlar üçün kameraya salındıqdan sonra da sakit dayanmayıb. Adı çəkilməyən azərbaycanlı növbətçini təhqir etməyə başlayıb.
Daha sonra məhkəməyə aparılan 37 yaşlı kişi hüquqazidd əməllərini orada da davam etdirib. O, hakimi təhqir edib, hədələməyə başlayıb, hətta onu vurmağa cəhd edib.
İstintaqın məlumatında bildirilir ki, Azərbaycan vətəndaşının əməllərindən hakimlə yanaşı, işə tərcüməçi kimi cəlb edilən qadın da ziyan çəkib. Saxlanılan şəxs tərcüməçini də təhqir edib.
Kemerovo vilayəti üzrə İstintaq İdarəsində Azərbaycan vətəndaşına qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.