İrəvanda etirazçıların bir hissəsi oturaq aksiyanı dayandırdı
İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən vətəndaşlar oturaq aksiyalara son qoyulduğunu bəyan ediblər.
APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiyalar şəhərin Azadlıq meydanında daha aktiv şəkildə davam etdiriləcək.
"Talana son!" hərəkatının fəallarından olan Maksim Sarkisyan qərarla əlaqədar bu gün mətbuat konfransı keçiriləcəyini bildirib. Qeyd olunur ki, prosesin hansı istiqaməti alacağı bu tədbirdən sonra müəyyənləşəcək.
Hərəkatın liderlərindən Vaginak Şuşanyan isə iqtidarın cinayətləri ilə mübarizənin yeni mərhələyə keçdiyini açıqlayıb. Onun sözlərinə görə, fəallar hakimiyyət qarşısında kəskin sübutlarla çıxış etmək üçün iqtisadçılardan və hüquqşünaslardan ibarət ekspert qrupları yaratmaq niyyətindədirlər.
Hazırda aksiya iştirakçıları iki qrupa ayrılıblar. Onların az bir hissəsi polisin xəbərdarlığı ilə Azadlıq meydanında toplaşıblar. Böyük bir hissə isə hüquq-mühafizə orqanlarının çağırışlarına məhəl qoymaq və Baqramyan prospektini tərk etmək niyyətində deyil.
Sözügedən kütlə artıq bir həftədən çoxdur ki, İrəvanın mərkəzi prospektini bağlayıb. Bu prospektdə isə Prezident Administrasiyası ilə yanaşı, Konstitusiya Məhkəməsi və bir neçə xarici ölkə səfirliklərinin binaları yerləşir.
İrəvan Polisinin rəis müavini polkovnik Valeri Osipyan isə hesab edir ki, Ermənistan paytaxtındakı mitinqlər daha iki gün davam edəcək. O, polisin hazırda etirazçılara qarşı tədbir görmək niyyətinin olmadığını qeyd edərək, onların özlərinin dağılışacağına əmin olduğunu bildirib. V.Osipyan etirazçılara müraciət edərək, saat 23.00-dan sonra səs-küy salmağın qanunla qadağan olduğunu xatırladıb və onları asayişi pozmamağa çağırıb.
İrəvanın mərkəzində hərəkət qismən məhdudlaşdırılıb, aksiya keçirilən əraziyə polis qüvvələri və texnika cəlb edilib.