Ali Hərbi Məktəbdə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı keçirildi
Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2015-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Müdafiə Nazirliyinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, məzunların yaxınları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini cəbhə bölgəsində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından təbrik edib.
"2014-2015-ci illərdə Ali Hərbi Məktəbi 473, Təyyarəçilik Məktəbini 131, Ali Hərbi Dənizçilik Məktəbini 18 nəfər bitirir. İnanıram ki, siz gələcəkdə zabit karyeranızı inkişaf etdirmək üçün daha səylə çalışacaqsınız".
Sonra Nizam Osmanov hərbi məktəblərin tədris və intizamda fərqlənən məzunlarına diplomlar təqdim edib. Ali hərbi məktəblərdə fərqlənən məzunların qiymətli hədiyyələrlə təltif olunduqları elan edilib. Onlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin döyüş bayrağının təhvili və qəbulu olub.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonra kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın qarşısında keçiblər.
Jalə
Azər