Fəzail Ağamalı: "Avropa Oyunları Azərbaycanın nüfuzunu xeyli yüksəltdi"
“Bakı-2015” Avropa Oyunlarına dəstək dostluq qrupu “Sevinc və qürur mənbəyimiz möhtəşəm 17 gün” mövzusunda yekun toplantı keçirib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan I Avropa Oyunları həm də dünya idman hərəkatına böyük töhfələr verib.
Onun sözlərinə görə, qısa zaman ərzində görünməmiş bir sürətlə bu oyunlara hazırlaşmaq və yüksək səviyyədə başa çatdırmaq böyük şücaət tələb edir: “Bunun üçün cənab prezidentimiz İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirik. Avropa Oyunlarında qələbə qazanan idmançılarımız xalqımızın yaddaşında hər zaman çox böyük hörmətlə yaşayacaq. Mən əminəm ki, təməli Azərbaycanda qoyulan İlk Avropa Oyunlarının ənənələri formalaşacaq. Bu oyunların keçirilməsi ilə Azərbaycanın nüfuzu beynəlxalq aləmdə xeyli yüksəldi. Ölkəmizin qədim tarixə, böyük intellektə və yüksək mənəvi dəyərlərə sahib olduğunu bir daha gördülər”.
Fəzail Ağamalı qeyd edib ki, Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyi məlum olduqdan sonra Azərbaycan qarşı ən müxtəlif istiqamətlərdən şər-böhtan kampaniyası başladı: “Ancaq bütün bunlara baxmayaraq, ölkəmizdə bu Oyunların uğurla başlayıb sona çatmasına heç nə mane olmadı və onların bu çirkin niyyətləri iflasa uğradı. Bizim yaratdığımız qrupun məqsədi də elə bu kampaniyanın qarşısını almaq idi. Gənclərin böyük əksəriyyəti bu işdə fəallıq göstərirdilər. Təsadüfi deyil ki, qrup üzvlərinin sayı 30 minə çatdı. Mən gənclərimizin bu sahədə gördüyü işləri yüksək qiymətləndirirəm və onların hər birinə öz minnətdarlığımı bildirirəm”.
Sonda “Bakı-2015” Avropa Oyunlarına dəstək dostluq qrupunun bəzi üzvləri göstərdiyi fəallığa görə diplomlarla mükafatlandırılıb.