Saymon Kleq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür etdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birlik və müəssisələri rəhbərlərinin, digər məsul işçilərinin iştirakı ilə  I Avropa Oyunlarının başa çatması münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir Əli Abbasov I Avropa Oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərin xüsusi əhəmiyyət kəsb etdiyini və Oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini qeyd edib.

O bildirib ki, telekommunikasiya işləri çərçivəsində qarşıya qoyulan məqsəd Azərbaycan saytlarının, I Avropa Oyunlarına aid olan informasiya və internet resurslarının kiberhücumlardan qorunması idi. Onun sözlərinə görə, təhlükəsizlik məsələsi müxtəlif təhlükəsizlik strukturları, həmçinin xarici partnyorlarla birlikdə çox yaxşı təşkil olunub, 2-3 səviyyədə müdafiə sistemləri qurulub: "Bunların nəticəsi idi ki, böyük bir tədbirin elektron bazasında ciddi kiberhücumlar olmadı. Qeydə alınan kiberhücumların qarşısı vaxtında, yerindəcə alınıb. Onların demək olar ki, 70-80%-i ölkəmizə daxil olmadan bizim xarici partnyorlarımızla birlikdə apardığımız işlər nəticəsində dəf olunub. Biz artıq birinci Avropa Oyunlarının yekunlarını telekommunikasiya informasiya xidmətləri radio-televiziya yayımı istiqamətində görülən işlərə ilkin yekun vurmuşuq. İlkin yekunlar sevindiricidir. Böyük prinsipial bir çatışmazlıq olmayıb.  
Nazir həmçinin ekspertlərin kiberhücumların qorunma sisteminə çox yüksək qiymət verdiyini də bildirib. O, bu təcrübədən bundan sonra keçirilən tədbirlərdə də istifadə olunacağını qeyd edib.

Tədbirdə çıxış edən Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq I Avropa Oyunların telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edib  və nazir Əli Abbasova təşəkkürünü bildirib.

Daha sonra Saymon Kleq, eləcə də Oyunların telekommunikasiya və yayım xidmətləri və informasiya təhlükəsizliyi ilə təminatında, radiotezliklərin təchizatında fəaliyyət göstərmiş bir sıra dövlət və özəl rabitə müəssisələri, BAOƏK-in və RYTN-in aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri RYTN-in fəxri fərmanları ilə təltif edilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova