ABŞ səfiri: "Avropa Oyunları möhtəşəm keçdi"

“Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasiminə getdim. Eyni zamanda yarışları da izləmək şansım oldu. Ən çox da özümün də uşaqlıqda məşğul olduğum voleybol yarışlarını izlədim, çox xoşuma gəldi".

 

APA TV-nin məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta  Amerikada təhsil alan tələbələrlə görüş tədbirinə qatılan jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Avropa Oyunlarında könüllülərin işi onu heyran edib: "Könüllülərin işi məni çox heyran etdi. Mükəmməl iş gördülər və ölkənizi çox yüksək səviyyədə təmsil etdilər. Sahəni təmizləməkdən tutmuş, insanları qarşılamağa kimi, çox həvəslə işləyirdilər. İnsanlarla çox nəzakətli davranmaqla gözəl ev sahibi olduqlarını bir daha sübut etdilər".

 

ABŞ səfiri bildirib ki, Avropa Oyunlarında ABŞ idmançıları iştirak etməsə də, o, Atletlər Kəndində olaraq idmançılarla görüşüb. Səfirin sözlərinə görə, Atletlər Kəndindəki ab-hava möhtəşəm idi: "Hətta İslandiya kimi uzaq Avropa ölkəsindən idmançılar gəlmişdi. Oyunlara baxanda gərginlik, mübarizə və rəqabət açıq hiss olunurdu. Buna baxmayaraq, onlar hər oyunun sonunda bir-birinə əl uzadaraq mehribanlıq nümayiş etdirirdilər. Yekun olaraq deyə bilərəm ki, Avropa Oyunları möhtəşəm keçdi".

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı