Prezident İlham Əliyev Bakıda iki məktəbdə olub

Prezidenti İlham Əliyev sentyabrın 6-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Adel Mohammad Adailehi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Ölkə başçısı Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulayıb. Adel Mohammad Adaileh ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

 

Bu gün həmçinin prezident İlham Əliyevin adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının şərəfinə nahar verilib.

 

Bundan başqa, prezident Bakının Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta məktəblərinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, 1964-cü ildə istismara verilən 19 nömrəli məktəbin birinci korpusu üç, ikinci korpusu isə bir mərtəbədən ibarətdir. 2006-cı ildə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 400 yerlik əlavə sinif otaqlarından ibarət yeni korpus inşa olunub. 1600 şagird yerlik məktəbdə hazırda 1417 şagird təhsil alır. Sonra Prezident İlham Əliyev 240 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub. Burada ölkə başçısına görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, məktəbin binası 1967-ci ildə istifadəyə verilib. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 2008-ci ildə əlavə sinif otaqları inşa edilib. 1200 şagird yerlik məktəbdə dərslər birnövbəlidir.

Müəllif | Apa.Tv