Avropa Oyunlarının ulduz elçiləri mükafatlandırıldı
Bakı-2015 Avropa Oyunlarında iştirak edən ulduz elçilərin mükafatlandırılma mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Oyunların uğurla başa çatmasında ulduz elçilərin rolu böyük olub.
O, elçilərin Avropa Oyunlarının ictimaiyyət arasında təbliği istiqamətində də səylərini əsirgəmədiklərini söyləyib: “Mən Oyunların keçirilməsində bizə kömək edən, öz xidmətini əsirgəməyən ulduz elçilərə təşəkkürümü bildirirəm. Elçilər məşhur insanlardır və iş qrafikləri sıxdır. Amma bu şəxslər öz vaxtlarından ayırıb Avropa Oyunlarına sərf etdilər. Ulduz elçilərin hər birinə təşəkkürümü bildirirəm”.
BEGOC-un korporativ direktoru Elçin Səfərov ulduz elçilərin təsadüfi seçilmədiyini diqqətə çatdırıb: “Elçilərin cəmiyyətdə böyük pərəstişkarları var. Ona görə məhz bu insanların adlarının üstündə dayandıq. Avropa Oyunlarının uğurla başa çatması böyük qələbədir və bu qələbənin əldə olunmasında ulduz elçilər öz töhfələrini verdilər”.
Tədbirin sonunda elçilərə xatirə hədiyyələri təqdim olunub.