Xaricdə təhsil alan gənc: "Dövlət Proqramı azərbaycanlı gənclər üçün çox böyük fürsətdir"
Məqsədə çatmaq üçün müvəqqəti məhdudiyyətlərlə üzləşmək qaçılmazdır: kimin üçünsə bu, dostları ilə görüşlərinin azalmasına, kimin üçünsə sevdiyi oyunlardan uzaq qalmasına və s. bərabərdir. İsti yay günlərində ali məktəblərə hazırlaşanlar isə çox vaxt sevdikləri dənizi görməməklə üzləşirlər. Müsahibim Orxan Kərimzadə ömründə bir yay dənizə getmədi, istirahət etmədi, lakin əvəzində səylə çalışıb Koreyanın ən nüfuzlu universitetinə daxil oldu: nağıl gerçəkləşdi.
"Hamı kimi mən də dənizi çox sevirdim və boş vaxtlarımda, xüsusən də yayda çox tez-tez dənizə gedirdim. Amma bu hazırlaşdığım bir il müddətində demək olar ki, dənizə gedə bilmədik. Bütün istirahətləri bir kənara qoyduq və ancaq qoyduğum məqsəd üçün çalışdım".
Orxan Kərimzadə ilk təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında alıb. Qarşısına məqsəd qoyub və ikinci təhsilini məhz xaricdə oxumağa qərar verib. Müsahibim deyir ki, düz bir il bunun üçün çalışıb və məqsədə çatmaq üçün hər kəsdən uzaq qalıb. O, hələ Neft Akademiyasında oxuduğu müddətdə 5 elmi məqaləsi çıxıb. Əziyyəti isə nəticə verib: "Təbii ki, qarşıma Cənubi Koreyada oxumaq məqsədini qoyduqdan sonra haradasa 1 il müddətində hazırlıqlar başlamışdı. Həm ingilis dili səviyyəsini artırmaq lazım idi, həm bundan öncə təhsil aldığım Neft Akademiyasını yüksək qiymətlərlə bitirmək lazım idi. Bunun üçün bir il ərzində dayanmadan əziyyət çəkmişik. Bütün istirahətlərdən, hər kəsdən, dostlardan uzaq olub təhsilimizi davam etdirmək üçün çalışmışıq. Nəhayət ki, Təhsil Nazirliyində bütün müsabiqə mərhələlərini keçdikdən sonra Cənubi Koreyada 4 illik bakalavr təhsilim başladı".
Orxan Cənubi Koreyanın KAIST Universitetində Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə təhsil alıb. Təhsili dövlət proqramı çərçivəsində baş tutub. Bütün xərclər Təhsil Nazirliyi və Azərbaycan dövləti tərəfindən ödənilib. O, özünü uğurlu gənc hesab edir. Deyir ki, dövlət proqramı azərbaycanlı gənclər üçün çox böyük fürsətdir: "Çünki mən Koreyada təhsil alan xarici dostlarımla danışanda onlar bizə qibtə edirdilər. Bir növ paxıllıqları tuturdu ki, bizim belə bir dövlət proqramımız var. Demək olar ki, heç bir ölkədə bu cür proqramlar yoxdur, amma azərbaycanlı gənclər dünyanın istədikləri reytinqli universitetinə qəbul ola bilərlər və təhsil haqqından asılı olmayaraq, Təhsil Nazirliyi bunların hamısını maliyyələşdirir".
Orxan Kərimzadə Neft Akademiyasını bitirdikdən sonra Koreyada magistraturaya imtahan vermək istəyib, amma...
"Ancaq onlar bizə onların bakalavrda keçdiyi dərs planlarını göndərdilər və mən Neft Akademiyasında təhsil aldığım planla tutuşdurduqdan sonra akademik fərq çox olduğuna görə qərara gəldim ki, ikinci dəfə bakalavr oxuyum və bundan sonra magistr oxumaq daha asan olsun. Artıq hamımız bilirik ki, Cənubi Koreya çox texnologiyanın yüksək inkişaf etdiyi bir ölkədir. Koreyada ali təhsil əsasən təhqiqatlar üzərində qurulub".
Orxanın sözlərinə görə, dövlət proqramı ilə oxuyan tələbələrin müqaviləsi var. Onlar mütləq Azərbaycana qayıdıb beş il dövlət qurumlarında çalışmalıdırlar. Dövlət Proqramı çərçivəsində hər bir təhsil alan tələbənin borcudur ki, qayıtdıqdan sonra öyrəndiklərini Azərbaycanda tətbiq etməyə yardımçı olsun.
Orxan Kərimzadə deyir ki, dövlət proqramı ilə getməsəydi belə, mütləq Azərbaycana qayıdacaq və öz biliklərini burada tətbiq edəcəkdi: "Ona görə mən də bu borcumu yerinə yetirmək üçün qayıtdım. Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində mütəxəssis kimi çalışıram. Qayıtdıqdan sonra öyrəndiklərimi tətbiq edirəm. Mənim Koreyadakı ixtisasım tam alternativ enerji deyildi, elektrik mühəndisliyi idi. Əlaqəli ixtisasdır. Sağ olsunlar, məni bütün layihələrə cəlb edirlər və məsləhətlərimi də alırlar. Çalışıram ki, mən də əlimdən gələn köməkliyi göstərim. Bəzi hallarda ola bilər ki, orada qalıb bir neçə il çalışıb təcrübə yığmaq olar. Bunun həm tələbənin özü üçün, həm də Azərbaycan üçün xeyri var. Bir neçə ildən sonra qayıtsa, daha təcrübəli mütəxəssis kimi çalışacaq. Amma bitirdikdən sonra qayıtmaqları daha yaxşı olar".
Orxan aldığı təhsillə kifayətlənmir. Deyir ki, hələ davam edəcək. O, əvvəllər ikinci təhsilə görə qınanıldığını deyir: "Mən indi görürəm ki, o vaxt çox düz qərar vermişəm ikinci bakalavr təhsili almaqla. Heç də peşman deyiləm və mümkün qədər təhsili davam etdirəcəyəm. Hədəflərim gələcəkdə doktorantura oxumaqdır. Tam qərar verməmişəm harada. Hal-hazırda işlədiyim ixtisas üzrə alternativ enerji mənbələri üzrə doktorantura pilləsində oxumağı fikirləşirəm. Çalışacağam ki, bu, dünyanın ən reytinqli universiteti olsun".
"Xaricdə təhsil sənə nə verdi" sualına isə müsahibimiz belə cavab verdi: "Xaricdə təhsil, birincisi, sərbəstlik verir insana. Çünki burada hər kəs ailəsinin dostlarının arasında yaşamağa öyrəşirlər. Xaricdə tək yaşamaq problemlərin öhdəsindən tək gəlməyi öyrədir. İkincisi, xaricdəki təhsili və təhqiqatları görürük. Dünyada baş verən təhqiqatları və yeni nailiyyətləri texnoloji nailiyyətləri öyrənməyə kömək edir. Ən böyük üstünlükləri bunlardır".
Orxan Kərimzadə 5 dil bilir. Vaxtının az olmasına baxmayaraq, kitab oxumağı çox sevir. Rus və Azərbaycan ədəbiyyatını demək olar ki, mükəmməl bilir. Oxuduğu kitablar arasında təbii ki, öz ixtisası üzrə olan kitablar daha çoxdur: "Son dövrlərdə vaxtın azlığından bədii ədəbiyyat oxumağa o qədər də vaxt olmurdu. Məktəb vaxtı, bakalavr təhsilinin ilk illərində bədii ədəbiyyatla həddindən artıq çox oxuyurduq. Yay tətilində bizə siyahı verilirdi və biz hamısını oxuyurduq. Koreyada oxuduğum müddətdə demək olar ki, bütün günü işimiz elə kitabla idi. Müəyyən məlumatlar almaq üçün texniki ədəbiyyata, dərs vəsaitlərinə müraciət edirdik. Qayıdanda da dərs vəsaitlərinin əksəriyyətini gətirmişəm bura. İndi də unutduğum bir şey olanda və ya maraqlandığım nəsə olanda, həmin dərs vəsaitlərini oxuyuram".
Müsahibimiz deyir ki, uşaq vaxtı insan tam olaraq nə istədiyini bilmir, buna görə də ailə onu düzgün yönləndirməlidir. Düzgün yönləndirildikdən sonra nəticəni də görmək olur: "Təbii ki, məni də ailəm bu sahəyə yönləndirib. İndi görürəm ki, çox düzgün qərar qəbul ediblər. Öz istəyim idi, sadəcə, bu istəyi valideynlər uşaqda görməlidir və hansı sahəyə onun daha çox həvəsi varsa ora yönləndirməlidir. Gənclərimizə əsas məsləhətim odur ki, təhsil alsınlar, öz üzərində işləsinlər. Təhsili nə vaxt bitirməyindən, hansı sahədə işləməyindən asılı olmayaraq, mütəmadi olaraq hər bir insan öz üzərində işləməlidir. Akademik işlərlə məşğuldurlarsa, elmi konfranslara, jurnallara müraciət etməli, yenilikləri və dəyişiklikləri öyrənməlidir".
Bu yerə kimi gəlib çatmasında o, müəllimlərinin böyük əziyyəti olduğunu deyir: "Orta məktəbdəki müəllimlərim, ali məktəbdə elmi rəhbərlərim mənə çox dəstək olublar. Müəllimlərin burda böyük rolu var və müəllimlərimə təşəkkür edirəm. Təhsil Nazirliyinə də minnətdarlığımı bildirirəm. Çünki xaricdə təhsil aldığımız müddətdə bizə çox dəstək oldu".
Qeyd edək ki, 2014/2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na keçirilən müsabiqə nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 573 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil edilib. Bu tələbələr Harvard, Oksford, HEC Paris, MDBMİ kimi ali təhsil müəssisələrindən məzun olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcək.