SMS-in ixtiraçısı vəfat etdi
Qısa SMS bildirişlər texnologiyasının yaradıcısı adlandırılan finlandiyalı mühəndis Matti Makkonen 63 yaşında dünyasını dəyişib.
APA TV-nin "IT Expert"ə istinadən xəbərinə görə, mühəndis tərəfindən mobil qurğular vasitəsilə qısa bildirişlərin ötürülməsi texnologiyası 1984-cü ildə kəşf edilib.
Lakin M.Makkonen özünü SMS yaradıcısı hesab etməyərək, qısa mobil bildirişlərin ötürülməsinin bir neçə insanın birgə səyi nəticəsində ərsəyə gəlməsini qeyd edirdi. Buna baxmayaraq, o, 2008-ci ildə “The Economist” jurnalının innovasiyalar sahəsində SMS kəşfinə görə mükafatına layiq görülüb.
Finlandiya alimi “BBC” şirkətinə 2012-ci ildə verdiyi müsahibədə bildirib ki, onun tərəfindən yaradılan texnologiya aktuallığını itirir: “Artıq bizim SMS adlandırdığımız texnologiyaya ehtiyac qalmayıb. Bildirişlərin göndərilməsinə görə ödəniş etmək lazım deyil”.
Bununla belə, dünyada hələ də hər gün bir neçə milyard qısa bildiriş göndərilir.
Qeyd olunur ki, M.Makkonen kəşf üçün patent hüququ almamasına görə texnologiyadan istifadədən gəlir əldə etməyib.