Səfir: "ABŞ-ın Qarabağa yardımı siyasi məna daşımır"

"Biz ümid edirik ki, Azərbaycanda prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar açılacaq". Bunu APA TV-yə müsahibəsində Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar dedi. Səfir deyir ki,  Dövlət Departamentinin rəhbəri Con Kerri  Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlıdır: "Cənab Kerri inanır ki,  prosesdə irəliləyiş əldə olunacaq. Əlbəttə irəliləyişin əldə olunması üçün hər iki tərəfin siyasi  iradəsi tələb olunur. Biz bu məsələnin bütün azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu bilirik  və anlayırıq. Əmin olun ki, nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni insan itkisini olmasının istəmir. Biz danışıqlarda irəliləyişin əldə olunması üçün Minsk qrupu çərçivəsində əlimizdən gələni edəcəyik. Bundan daha vacib məsələ ola bilməz".

 

Səfir, ABŞ Dövlət Departamentinin hər il Dağlıq Qarabağa yardım ayırması məsələsinə də aydınlıq gətirdi: "ABŞ Dağlıq Qarabağ Respublikası adlandırılan qurumu tanımır və mənim bilavasitə iştirak etdiyim müddətdən bu vaxta qədər bütün göstərilən yardımlar humanitar yardımdan ibarət olub. Buraya həmçinin minadan təmizləmə yardımları da daxildir. Humanitar yardım hər hansı bir siyasi məqsəd daşımır".

 

Amerikanın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən  907-ci düzəlişin indiyə kimi ləğv olunmamasına gəlincə, diplomat bunu dedi: "2001-ci ildən etibarən hər il bu qanunun qüvvəsi dayandırılır ki, ölkələrimiz arasında əməkdaşlıq mümkün olsun. Bu düzəlişin olmasına baxmayaraq, ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq mövcuddur və biz bu əməkdaşlığı yüksək dəyərləndiririk".

 

Ümumilikdə səfir iki ölkə arasındakı münasibətləri yüksək dəyərləndirdi.

Müəllif | Apa.Tv