Zaqatalada əmisinin maşınını qaçıran şəxs uşağı vurub öldürdü
Zaqatalada velosipedçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun 3-cü Tala kəndi ərazisində baş verib.
Üçüncü Tala kənd sakini, 21 yaşlı Orxan Oruc oğlu Musayev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirib və yolla hərəkətdə olan velosipedçi, Zaqatala şəhər sakini, 13 yaşlı Hacı Rövşən oğlu Mehdiyevi vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Zaqatala MRX-dan APA TV-yə verilən məlumata görə, Hacı Mehdiyev xəstəxanaya daxil olduqdan bir neçə saat sonra həkimlərin səyinə baxmayaraq, aldığı ağır bədən xəsarətlərindən ölüb.
Qeyd edək ki, qəza törədən Orxan Musayevin idarə etdiyi maşın əmisi Mübariz Musayevə məxsusdur. Hacı Mehdiyev isə velosipedlə Zaqatala şəhərindən rayonun Üçüncü Tala kəndində yaşayan babasını ziyarət etməyə gedirmiş.
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.