Azərbaycanın müdafiə naziri Litvada səfərdədir
Ötən gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Litvaya rəsmi səfəri başlayıb.
APA TV-nin məlumatına görə, Zakir Həsənov Litvanın milli müdafiə naziri Yuozas Olekas ilə görüşüb.
Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq nazirlər fəxri qarovulun önündən keçiblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra təkbətək görüş olub. Daha sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə regional təhlükəsizlik, silahlı qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Litva Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın müdafiə naziri litvalı həmkarına Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.
General-polkovnik Zakir Həsənov bildirib ki, bəzi dövlətlər və qurumlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə yanaşmada ikili standartların tətbiqi narahatlıq yaradır: "Ancaq hamıya bəlli olmalıdır ki, prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu yalnız vaxt məsələsidir. Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər”.
Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Səfər iyulun 2-də başa çatacaq.