Polis Bakıda sərxoş qadın sürücünü saxladı
Yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılan bu xanım sürücünün içkili halda sükan arxasına keçdiyi müəyyən edilib.
APA TV-nin məlumatına görə, Mərdəkan qəsəbəsi ərazisində hərəkətdən uzaqlaşdırılan 31 yaşlı Cəfərova Aygün Vaqif qızı hər vəchlə öz əməlinə haqq qazandırmağa çalışıb. Polis əməkdaşlarının ona sərxoşluq müayinəsi təklif etməsi isə xanım sürücünü lap özündən çıxarıb.
Sənədləri təqdim etməkdən və maşını tərk etməkdən boyun qaçıran Aygün Cəfərovanın ərazidən uzaqlaşdırılması üçün əlavə kömək lazım olub. Post Patrul Xidməti əməkdaşlarının köməyi ilə maşından düşürülən qadın sürücü, daha sonra sərxoşluq müayinəsinə aparılıb. Müayinə zamanı onun oxşar əməlinin də üstü açılıb.
Sənədi alınan sürücü barəsində cərimə protokolu tərtib olunub, avtomobil isə müvəqqəti duracağa qoyulub. Aygün Cəfərovanın sürücülük hüququndan da məhrum ediləcəyi gözlənilir.
Qeyd edək ki, 31 yaşlı Aygün Cəfərova vaxtilə Azərbaycan telekanallarından birində yayımlanan evlilik proqramlarının iştirakçısı olub.