Misirdə ard-arda terror aktları törədildi: 60 ölü
Misirin Sinay yarımadasında ard-arda edilən silahlı hücumlar nəticəsində 60 nəfər həyatını itirib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ölənlər hərbçilər, polislər və dinc sakinlərdir.
Terror aktlarına görə məsuliyyəti "Ənsar Beyt əl-Maqdis" və İŞİD qruplaşmaları üzərlərinə götürüblər. Silahlı hücumlar Misir ordusunun 5 postuna və 15 polis məntəqəsinə təşkil olunub. Şiddətli döyüşlər nəticəsində 90 terrorçunun məhv edildiyi bildirilir. Hökumət qüvvələrinə havadan da dəstək göstərilib.
Bundan başqa, Misirin Qəzza sektoru ilə sərhəddə yerləşən Rafah şəhərində də iki partlayış törədilib. Ölənlər var. İsrail baş verən terror aktları səbəbindən Misirlə sərhəd-keçid qapılarını bağlayıb.