Masallıda müəmmalı yanğın: iki otaqlı ev kül oldu
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılavar kəndində qeydə alınıb.
Olay yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə güclü alov lokallaşdırılmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmasa da, kənd sakini, 58 yaşlı Eldar İmanqulu oğlu Novruzova məxsus ümumi sahəsi 108 kv. m olan kürsülü birmərtəbəli, 2 otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Qeyd edək ki, bir gün öncə Eldar Novruzovun həyətindəki tövlədə də yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Ev sahibləri hər iki yanğın hadisəsinin kim tərəfindənsə qəsdən törədildiyini və bu barədə müvafiq qurumlara qabaqcadan məlumat verdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır. Yanğının dəqiq başvermə sbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.