Şirvanda regional işgüzar forum keçirildi

“Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar forum keçirir.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq münasibətlərinin tənzimlənməsi sahəsində müasir yanaşmaların və yeni idarəetmə mexanizmlərinin tətbiqini nəzərdə tutan respublika üzrə işgüzar forumlara start verib.  Şirvanda keçirilən işgüzar forum Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarını əhatə edib.

 

Forumda Komitənin Aparatı, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, yerli icra hakimiyyətləri, bələdiyyələrin və aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri iştirak edib.

 

İşgüzar Forumun məqsədi torpaq münasibətlərinin idarə edilməsi və tənzimlənməsi, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, təyinatı üzrə istifadəsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

 

Tədbiri giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov açıb. Qeyd olunub ki, komitənin yeni Əsasnaməsi ilə daşınmaz əmlak, o cümlədən torpaq sahələri barədə bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib. Torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili, torpaqlardan istifadəyə dövlət nəzarəti kimi yeni fəaliyyət istiqamətləri müəyyən edilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaq idarəçiliyinin təkmilləşdirilməsi və Konstitusiyada əks olunmuş mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv