Mütəxəssislər xəbərdarlıq edir: Quba alması məhv ola bilər
Qubada sahibkarlar bu ilki məhsuldarlıqdan şikayətçi deyillər. Onlar məhsul bol olsa da onun keyfiyyəti və qiymətindən narazıdırlar. Keyfiyyətin aşağı olmasını bağ sahibləri dərmanların keyfiyyətsiz olması ilə əlaqələndirirlər. APA TV-nin şimal bürosu xəbər verir ki, hazırda təklif olunan qiymət almanın yetişdirilməsinə çəkilən xərci ödəmir. Onların sözlərinə görə, bir kiloqram almanın yetişdirilməsi 25-30 qəpiyə başa gəlir. Almanın bazar qiyməti isə 30-50 qəpik arasında dəyişir. Bundan əlavə regionda emal müəssisələrinin olmaması min bir əzab əziyyətlə yetişdirdikləri məhsulun sonda bağlarda məhv olması ilə nəticələnir. Kənd təsərrüfatı mütəxəssiləri isə həyəcan təbili çalır. Azərbaycan Elmi Tədqiqat, Bağçılıq və Subtropik Bitkilər İnsitutunun şöbə müdiri Mədət Qurbanov deyir ki, Quba almasının məhv olmaq təhlükəsi var. Çünki sahibkarlar bu sahədən gəlir əldə edə bilmədikləri üçün alma yetişdirməyə maraq göstərmirlər. Qeyd edək ki, Qubada alma yığımı oktyabrın sonlarına kimi davam edir.