Qazax və Sabirabadda məcburi köçkünlər üçün yaşayış binaları tikilir

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov iyulun 3-də tikinti işlərinin gedişi ilə bağlı Qazax və Sabirabad rayonlarında müşavirə keçirib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Əli Həsənov Qazax və Sabirabad rayonlarında tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yeni salınan tikinti işlərinin aparılması ilə bağlı birgə müzakirələr aparıb.


Bildirilib ki, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”-nın icrası ilə əlaqədar olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 10 ədəd 4 mərtəbəli, 300 mənzilli binalar tikilir. Binalarda 52 ədəd 1 otaqlı, 156 ədəd 2 otaqlı, 88 ədəd 3 otaqlı, 8 ədəd isə 4 otaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunacaq.

 

Daha sonra Əli Həsənov Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 440 ailəlik, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanıb. Layihəyə uyğun olaraq ərazidə 44 ədəd 1 otaqlı, 198 ədəd 2 otaqlı, 176 ədəd 3 otaqlı, 22 ədəd isə 4 otaqlı mənzillər var. Bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su  və elektrik ilə tam təchiz olunacaq.

 

Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. 

 

Əli Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Apa.tv