Bakı sakinləri harada dincələcək? - SORĞU
Hər birimiz yay fəslini böyük səbirsizliklə gözləyirik. Çünki ən yaxşı dincələcəyimiz aylar məhz yay aylarıdır. Bəs Azərbaycan vətəndaşları harada dincəlməyə üstünlük verir? Paytaxt sakinləri apardığımız sorğu nəticəsində fikirlərin müxtəlif olduğu üzə çıxdı.
- İstirahət etməyə xarici ölkələrə üstünlük verərdim. Məsələn, Türkiyə ola bilər. Hər zaman xəyalımda bütün dünyanı gəzəcəyimi düşünürdüm. İstərdim maraqlı ölkələrdə gəzim. Bakıda və ya rayonlarda istirahət etmək baha başa gəlir, o pulla xaricdə dincəlmək olar.
- Göygölə istəyərdim gedəm. Amma təəssüf ki, oranın yolu bağlıdır.
- Azərbaycanın rayonlarında. Qaxda, Qəbələdə, Şamaxıda.
- Nabranda, Qaxda istirahət etməyə üstünlük verərdim. Xaricə istəmirəm gedim.
- Yayda dincəlmək üçün ancaq anamın yanına, kəndə gedərdim. O kənd ki oranın qədrini ancaq oradan olanlar bilər - Kürdəmirə. Gedirsən başını ananın dizinin üstünə qoyursan, o da saçlarını tumarlayır. Baxın, o, ən böyük istirahətdir.
- Ən çox Qubada, Nabranda olmağı sevirəm. İnşallah, qismət olsa gedəcəyik.
- Azərbaycanda olan fürsətlər, təbii sərvətlərin heç biri xarici ölkələrdə yoxdur. Xarici ölkələrin, sadəcə, dekorativ gözəlliyi var. Məkandan asılı olmayaraq, insan özü öz istirahətinə əyləncə qata bilər. Əlavə şou proqramlara ehtiyac yoxdur.
- Azərbaycanda dincələrdim. Bir necə gün əvvəl ata olmuşam, bu yayı oğlumla evdə dincələcəyəm.
- Yayda ən gözəl istirahət elə Bakıdadır. Mən İsraildən gəlmişəm Bakıya dincəlməyə.