NATO-nun baş katibi: "Rusiya ilə Qərb arasında "soyuq müharibə" yoxdur"

"Hazırda Rusiya ilə Qərb arasında hər hansı "soyuq müharibə" vəziyyətindən söhbət gedə bilməz. Bunu düşünənlər yanılırlar. O vaxt Varşava müqaviləsi ölkələri və NATO var idi və bu iki ideologiya arasında qarşıdurmanın yaratdığı qlobal konflikt idi".

 

APA TV-nin məlumatına görə, bu fikirləri "Deutsche Welle"yə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.


Stoltenberq bildirib ki, hazırkı vəziyyətdə baş verənləri dəqiq analiz edib, düzgün nəticə çıxarmaq və NATO ölkələrinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq lazımdır. "Bununla yanaşı, ağıllı addımlar atıb, vəziyyəti dramatikləşdirməmək haqqında düşünmək şərtdir. İndi biz elə də ciddi təhlükə hiss etmirik, NATO isə bütün dövrlərin ən güclü müdafiə ittifaqıdır" - deyə baş katib əlavə edib.

 

Stoltenberq bütün bu dediklərinə rəğmən, İŞİD-in iştirakı ilə İraq, Suriya, Şimali Afrikada baş verənləri onları narahat etdiyini bildirib. NATO rəhbəri Rusiyanı da öz hərbi gücündən istifadə edərək bəzi beynəlxalq hüquqları pozmaqda ittiham edib.

 

Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko alyans ölkələrinin müdafiə nazirlərinin iclasından sonra gəldikləri nəticəni onların Rusiyaya qarşı siyasətdə ehtiyatlı mövqeyə keçilməsi kimi dəyərləndirib. O qeyd edib ki, Rusiya sərhədlərinə yaxın ərazilərdə istənilən təhlükəni sezərsə, buna həmin dəqiqə reaksiya verəcək.

Müəllif | Apa.Tv
Apa.tv