Gəncədə Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı konfrans keçirildi

Gəncədə “Azərbaycan Milli Mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vuqar Səfərli və ölkənin aparıcı mətbu orqanların rəhbərləri iştirak edib.

 

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkədə milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri təbrik edib və ölkədə, o cümlədən Gəncədə mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb.

 

Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında mətbuat işçilərini təbrik edərək Azərbaycan mətbuatının yaranma tarixi və inkişaf yolundan danışıb. O bildirib ki, hazırda Azərbaycan mediası özü özünü tənzimləmə yolu ilə idarə olunur, dövlət yalnız Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mediaya şəffaf dəstək verir. Ə.Mehdiyev xaricdəki bəzi dairələrin Azərbaycana hücumlarına da toxunaraq, Avropa Oyunları keçirilərkən Azərbaycan mətbuatının həm bu hücumlara effektiv cavab verdiyini, həm də Oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb.

 

KİVDF-nin icraçı direktoru Vuqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq deyib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Azərbaycanda isə 2013-cü ildə jurnalistlərə hər bir şəraitlə təmin edilən evlərin verildiyini bildirən V.Səfərli gələn il yeni tikilən binanın da mətbuat işçilərinə təqdim ediləcəyini xatırladıb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mediasının inkişaf yolundan bəhs edib. O, mətbuatda neqativ halların qarşısının alınması üçün şura tərəfindən ciddi işlər görüldüyünü və bunun müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Ə.Amaşov region mediasına diqqətin daha da artırılmasının zəruriliyini vurğulayıb. 

 

Konfransda paytaxt və bölgələrdə fəaliyyət göstərən qəzet redaktorları və rayon icra hakimiyyəti aparatlarının nümayəndələri də çıxış edib.

 

Müəllif | Apa.Tv
Apa.tv