Bəşər Əsəd şiə silahlılarının dəstəyi ilə hücuma keçdi
Rəsmi Dəməşq Suriya ordusunun Hələbin şimal ərazilərinə nəzarətə götürdüyü barədə məlumat yayıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hərbi komandanlıq bunu təsdiqləyən video da yayıb. Görüntülərdə əsgərlərin Hələbin Camiyət əz-Zəhra məhəlləsində möhkəmləndikləri nümayiş olunur.
Bu bölgə üç gün əvvəl müxalif döyüşçülərin əlinə keçmişdi. Bu isə hökumət qüvvələrinin Suriyanın şimalındakı ən böyük şəhərdə məğlubiyyəti demək idi.
Ordu bu qələbə ilə kifayətlənmək niyyətində deyil. Hökumət qüvvələri İŞİD-in nəzarətindəki Haseke və müxaliflərin əlində olan Dəməşq ətrafındakı bəzi ərazilər istiqamətində hücuma keçib.
Bu arada Suriya ordusu "Hizbullah" şiə qruplaşmasının dəstəyi ilə Livanla sərhəddə yerləşən Zəbadani şəhərinə daxil olub. Şəhər bir neçə saatın içində müxalifət silahlılarından təmizlənib. Piyada qoşunlarına artilleriyadan və hava qüvvələrindən də dəstək verilib.
Xatırladaq ki, adı çəkilən şəhər iki il əvvəl müxaliflərin əlinə keçmişdi. Zəbadani Dəməşq və Beyrut arasındakı magistralın üzərində yerləşir və strateji nöqtə hesab edilir.