Mərkəzi Qan Bankı üçün qanvermə aksiyası keçirildi
Azərbaycan Qan Donorları Assosiasiyası və Talassemiya Federasiyası Mərkəzi Qan Bankı ilə birgə "Park Bulvar"da qanvermə aksiyası təşkil edib.
APA TV-nin xəbərinə görə, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib ki, aksiyanın əsas məqsədi son zamanlar havaların isti keçməsi, eyni zamanda Ramazan ayında olduğumuzdan, demək olar ki, kütləvi qana ehtiyac yaranması oldu: "Biz KİV-ə müraciət etdik, cəmiyyətə səsləndik. Hazırda səsimizə müsbət cavab verən insanlar aksiyaya qatılıb. İnsanlar öz mərhəmətini ortaya qoydular və övladlarımızın xilası üçün birgə təşəbbüs göstərdilər. Mən fürsətdən istifadə edib qanvermə aksiyasında iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Biz bir daha sübut etdik ki, insansevər və humanistik".
Azərbaycan Talassemiya Federasiyasının təsisçisi Gülgün Abbasova deyib ki, talassemiyalı xəstələrin daim donor qanına ehtiyacı var və bunun üçün hər zaman qanvermə aksiyaları təşkil olunur.
Azərbaycan Talassemiya Federasiyasının təsisçisi Gülgün Abbasova qeyd edib ki, isti yay aylarında və Ramazan ayında təbii ki, adi vaxtlara baxanda daha çox qana tələbat olur, qan tapılması həddindən artıq çətinlik yaradır: "Gördüyünüz kimi, burada vətəndaş cəmiyyəti və digər insanlar öz yardımını əsirgəmədi, yardım etdi, qan verdi. Qan vermək üç insanın həyatını xilas edir. Birincisi, talassemiyalı xəstələrə qan verilir. Qırmızı qan hüceyrələri talassemiyalı xəstələrin bədəninə daxil olur. İkincisi, hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara yardım edilir. Üçüncüsü, donor qan verməklə öz səhhətinə xeyir etmiş olur. Biz bütün donorlara təşəkkür edirik".