Bakıda Günəş və Günəş tipli ulduzların dəyişkənliyi mövzusunda beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
APA TV-nin xəbərinə görə, beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan alimlər məruzəçi qismində çıxış edib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinlənilib, müzakirələr aparılıb: "Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə ediblər. Nəzərdə tutulub ki, azərbaycanlı və xarici alimlər arasında təmaslar əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə gənc kadr hazırlığına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir və bu iş daim elmi tədqiqatlara paralel olaraq aparılmalıdır".
Konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi ilə bağlı bir sıra mühüm məruzələr dinlənilib. Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar müzakirə edilib.
Qeyd edək ki, 6-8 iyul tarixlərində davam edəcək konfransın bir günü AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq.