Şirvanda Telemexanika Zavodunda qəza: 1 ölü, 19 yaralı - TƏFƏRRÜAT

 

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib. APA TV-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.

 

Zavodun sexlərindən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerinə gəlib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə zamanı xəsarət alan 19 nəfər yüngül zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb. Zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.

 

Qəza nəticəsində ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır. İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

 

Zavodda baş verən qəzanın ilkin səbəbinə gəlincə, Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov  APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv. m sahədə yanğın baş verib.

 

Şirvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samit Abıyev isə deyib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib. S.Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv