FHN-in təşkil etdiyi III Beynəlxalq yarışa və IV Ümumrespublika birinciliyinə yekun vuruldu

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü münasibətilə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışı başa çatıb.


APA TV-nın yerli bürosunun xəbərinə görə, bu gün Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə baş tutan yarışların bağlanış mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və təhsil naziri Mikayıl Cabbarov iştirak ediblər.

 

Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib. Sonra gənc yanğınsöndürən və xilasedicilər hündür binanın fasadına çıxaraq üçrəngli dövlət bayrağını dalğalandırıblar, gənc boksçu və taekvondoçular isə döşək üzərində öz bacarıqlarını nümayiş etdiriblər.

 

Sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.

 

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzu ediblər.

 

Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatlar təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.

 

Qeyd edək ki, beynəlxalq yarışda ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov