Qədr gecələrini necə keçirməli? - REPORTAJ

"Bu ilin Ramazan ayında Əhya gecələrinə təsadüf edən gecələri iyulun 5-7-9-u axşamlarıdır ki, bu sözün də mənası "oyaq qalma", "diri qalma" mənası daşıyır". Bunu APA TV-yə açıqlamasında İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay deyib.

 

Onun sözlərinə görə, Qurani-Kərimdə min aydan daha xeyirli sayılan Qədr gecəsi eyni zamanda Əhya gecəsi kimi də təqdim olunur. "Əhya" sözünün mənası "oyaq qalmaq, ayıq olmaq" deməkdir. Ramazan ayında Quranın nazil olmağa başlaması ilə anılan Əhya gecələri Ramazanın son 10 gününə təsadüf edir. Peyğəmbər Ramazan ayının son 10 gününü oyaq qalardı. Alimlərin fikrincə, bu onu göstərir ki, Qədr gecəsi bu 10 gündən birinə təsadüf edir. Birinci Qədr gecəsi insanlara ömür verilən, ikincisi tale verilən, üçüncüsü isə insana ruzi verilən gecədir. Qədr gecəsinin naməlum qalması və yaxud üç gündən bir olması ondan irəli gəlir ki, hər şey bir gecədə tamamlanmasın və müsəlman bir neçə gecə ərəfəsində özünü Allaha həsr etsin: "Ramazanın əhya gecələri insanların günahları ilə üz-üzə qaldıqları gecədir. İmam Sadiq əleyhissəlamdan bir hədis var ki, "Xoş olsun həmin o şəxsə ki, həmin gecədə günahlarını qarşısına qoyub ağlaya. Allahım, illərlə mən etibarsız və vəfasız insanlarla dostluq etdim. Mən bu gecə sənin qapına gəlmişəm. Ağa qulunu qapıdan qovduğu zaman qul hansı qapıya getməlidir?" Məhz bu gecə insan Allahla təmas yaradır və qarşısında tövbə edir. Hədislərdə deyilir ki, tövbə ilə özünüzü təmizləyin ki, qiyamət günündə günahlarınızın qoxusu sizi rüsvay etməsin".

 

Hacı Surxay deyir ki, bu gecələrdə insanlar oyaq qaldığı zaman onların mənəviyyatı Allah kəlamından ayılmazsa, bütün varlığı ilə Allaha bağlı olmazsa, o zaman həmin şəxslərin zahiri görməsi və dinləməsinin heç bir faydası olmaz.

 

Ramazan ayında orucluğun spesifik xüsusiyyətlərinin mövcudluğundan danışan axund deyir ki, insanlığın həm cismani, həm də mənəvi olan dəyərləri var. Allah-təala müsəlmanlara Ramazan ayında oruc tutmağı vacib buyurub. Sağlam vücuda sahib olan hər kəs Ramazan ayında tam olaraq oruc tutmalıdır. Əgər hər hansı bir şəxsin səhhətində ciddi problemlər varsa və həmin şəxs bütöv ay ərzində oruc tuta bilməyib, lakin Əhya günlərində oruc tutursa, bu qəbul olunan haldır. Ona görə də Allahın şah əsəri olan insanlar Yaradanı tanımalı və Allah-təalaya əyilməlidir.

 

 

Müəllif | Apa.Tv