Tehran bazarında Vyana müzakirələri - REPORTAJ

Tehrandakı məşhur qapalı "Böyük bazar"ı İran paytaxtının ürəyi də adlandırırlar.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, buradakı mağaza sahibləri və alış-veriş üçün gələn sadə iranlılar da Vyana danışıqlarından yaxşı nəticə gözləyirlər.

 

Vətəndaşlar ölkəyə qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarından qurtulacaqlarına ümidlidirlər. Hazırda İran iqtisadiyyatı İslam İnqilabından sonra özünün ən çətin vaxtını yaşayır.


"Dolların bahalaşması alıcı tələbatını aşağı salıb. Baxın, tacirlər hamısı öz dükanlarının önündə boş-bekar durublar. Çünki alıcı yoxdur" - deyə bazardakı satıcılardan biri bildirir.


Sanksiyalar nəticəsində İranda dərmanlara tələbat üç dəfə artıb: "Ağır xəstəliklərin, məsələn, xərçəngin müalicəsi üçün nəzərdə tutulan dərmanlar bahalaşıb. Biz Vyanadan yaxşı xəbər gözləyirik. Söhbət yalnız mənim məşğul olduğum sahədən getmir, ümid edirəm ki, iranlıların həyatına müsbət təsir edəcək razılaşma əldə olunacaq" - deyə əczaçı Zohreh Nahid qeyd edib.


Kafe sahibi Mehdi də bahalıqdan şikayətçidir: "Qəhvənin və şəkərin qiyməti qalxandan sonra bura gəlib-gedənlərin sayı azalıb. Hesab etmirəm ki, hətta Vyanadan pozitiv qərar çıxsa belə, hər şey birdən-birə düzəlsin. Amma bazarda canlanma olacaq və iqtisadi tənəzzül sona yetəcək. İnsanlar pullarını bazara çıxarmağa başlayacaqlar".

 

İranda iqtisadiyyatın zəifləməsini sanksiyalarla əlaqələndirməyənlər də var. Bəzi vətəndaşlar bunun günahını keçmiş prezident Mahmud Əhmədinejatın fəaliyyətində görürlər.

Müəllif | Apa.Tv
Apa.tv