İranla "altılıq" ölkələrinin danışıqlarında HƏLLEDİCİ GÜN
İranın və "altılıq" ölkələrinin xarici işlər nazirləri Vyanada Tehranın nüvə proqramı ilə bağlı son on gün ərzində keçirilən ilk plenar iclasda bir araya gəliblər.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bir müddət əvvəl tərəflər arasında sazişin iyulun 7-də imzalanacağı açıqlanmışdı.
Sazişdə məqsəd məsələnin həm beynəlxalq birlik üçün açıq olması, həm də İrana tətbiq edilən sanksiyaların tədricən aradan götürülməsidir. Bununla belə, razılaşmaya yaxın olan tərəflər yekun qərarın veriləcəyi tarixin bir az da uzadılacağını istisna etmirlər.
"Bizə etibarlı razılaşma lazımdır. Buna görə də tələsik qərar vermək olmaz. Bütün xırdalıqlar aydınlaşdırılmalıdır. Ciddi işləyib, gələcəkdə nəticəsi olmayan uğur əldə etmək xatirinə ard-arda addımlar atmamalıyıq. Əgər əvvəlcədən açıqladığımız müddətə qədər bunu edə bilməsək, bu da qorxulu deyil. Biz bunu gec də edə bilərik. Məsələnin həll variantları masanın üzərindədir" - deyə ABŞ nümayəndəsi bildirib.
Diplomatik mənbələr də tarixi qərarın veriləcəyinə əminlik ifadə edirlər. Bildirilir ki, Tehran və qarşı tərəf razılaşmaya heç vaxt bu qədər yaxın olmayıblar. Problem yaradan məsələlər isə daha çox İrana tətbiq olunan sanksiyalarla bağlıdır. Danışıqlar prosesi çox həssas nöqtədədir.