Səudiyyə-Rusiya yaxınlaşması: 10 milyardlıq anlaşma!

Səudiyyə Ərəbistanı Rusiyanın investisiya layihələrinə 10 milyard ABŞ dolları məbləğində yardım ayıracağını açıqlayıb.

 

APA TV-nin "İnterfax"a istinadən verdiyi məlumata görə, həmin layihələrin əksəriyyəti Rusiya ərazisində həyata keçiriləcək.

 

Səudiyyə Ərəbistanının müstəqil "Public Investment" Fondu ilə Rusiya Birbaşa İnvestisiyalar Fondu arasında razılığa gəlinib. Rusiya qurumunun rəhbəri Kirill Dmitriyev bunu başçılıq etdiyi fonda bu vaxta qədər edilən ən böyük yatırım olduğunu açıqlayıb.

 

Maraqlıdır ki, bu vaxta qədər ən böyük rəqəm də digər bir ərəb ölkəsinə aid idi. BƏƏ adı çəkilən quruma bir neçə il əvvəl 7 milyard həcmində məbləğ ayırmışdı.

 

Məbləğ daha çox infrastruktur, kənd təsərrüfatı, səhiyyə və digər bu kimi sahələrin inkişafına sərf olunacaq. Rusiya tərəfi bu məbləğdən ayrı-ayrılıqda 1 milyard xərcləməklə 10 layihə reallaşdırmaq niyyətindədir. Rusiya Birbaşa İnvestisiyalar Fondu başqa bir Səudiyyə qurumu ilə də saziş imzalayıb. Bu anlaşmanın köməyi ilə Rusiya ərəb bazarına çıxmağı planlaşdırıb.

 

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə şahzadəsi Muhəmməd bin Salman Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda iştirak edib və prezident Vladimir Putinlə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv