Gəncədə unikal oğrular peyda olub

Belə bir deyim var, “özgəyə quyu qazan özü düşər.” Gəncədə heç də belə deyil. Nə qazanlar, nə də bu quyulardan qazananlar quyuya düşür. Nə gəlirsə sadə vətəndaşların başına gəlir. Son vaxtlar şəhərdə iki ayaqlı köstəbəklərin sayı artıb. Onlar əsl köstəbəklərdən fərqli olaraq qazmırlar, asanlıqla qazanırlar. Kanalizasiyaların qapaqlarını oğurlamaqla. APA TV-nin məlumatına görə, Şəhərin kənar yollarında kanalizasiya və rabitə xətləri üçün nəzərdə tutulan qapaqlar demək olar ki, qalmayıb. Bu isə xüsusi ilə sürücülər üçün əsl problemə və təhlükəyə çevirilib. Ağzı açıq lüklar əsasən qaranlıq və yağıntılı hava şəraitində çox ciddi təhlükə mənbəyinə çevrilir. Qapaqları oğurlanan quyular təkcə avtomobillər üçün problem yaratmır. Səki ilə hərəkət edən vətəndaşlar da bəzən belə quyuların güdazına gedir. Səkilərdə qapaqları oğurlanan kanalizasiya və rabitə xətləri üçün nəzərdə tutulan quyulara dəfələrlə adam düşüb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Şahin Quliyev deyir ki, hər ay mütləq bir neçə nəfər ağzı açıq qalan quyulara düşərək yaralanır. Gəncə şəhər Su Kanal Törəmə Səhmdar Cəmiyyətindən müsahibə vermək istməsələr də şifahi olaraq bildirildi ki, təxminən ay ərzində 25-30 kanalizasiya quyusunun qapağı oğurlanır. Gəncə şəhər Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmməov qapaqların əsasən, şəhərin kənar yerlərində Məhsəti, Sadıllı, Natəvan qəsəbələrində oğurlandığını bildirib. Nəticədə isə vətəndaşlara keyfiyyətsiz rabitə xidməti təqdim edilir. Məlumata görə, qapaqları küçələrdə istifadəsiz metal məmulatlar yığan şəxslər oğurlayır. Onlar əməlləri ifşa edilməsin deyə hər birinin çəkisi 10-15 kiloqram olan qapaqları doğrayıb metal qəbulu məntəqələrinə təhvil verirlər. Artıq məsələyə şəhər rəhbərliyi səviyyəsində münasibət bildirilir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə qapaqların oğurlanması hallarının qarşısını almaq və bu şəxslərin cəzalandırılması üçün icra hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun rəhbərliyi ilə Gəncə şəhər Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarılndan ibarət xüsusi komissiya yaradılıb.
 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov