İnşaat materialları oğurlayan dəstə ələ keçdi
Masazır qəsəbəsində özü üçün ev tikən vətəndaş Yaşar Nəcəf oğlu Vəliyev Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, inşa etdiyi evdən 2 min manat dəyərində inşaat materialları oğurlanıb.
APA TV-nin məlumatına görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayətin üstü açılıb.
Oğurluq əməli Əhmədov Vəkil Tofiq oğlu və onun tanışları tərəfindən törədilib. İdarənin baş müstəntiqi Ayaz Kərimovun sözlərinə görə, saxlanılan Vəkil Əhmədov etiraf edib ki, bundan əvvəl də eyni əməllərə görə cəzalandırılıb. Bu dəfə isə ətrafına qohum və tanışlarını yığıb.
Saxlanılan Vəkil Əhmədov: "Evi əvvəlcədən müəyyən etmişdim. Uşaqlarla yığışdıq. Azər və Zaurla oğurluğa getdik".
İstintaqla müəyyən olunub ki, Vəkil Əhmədov ötən il azadlığa buraxılıb. Oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayan Biləsuvar rayon sakini bu dəfə qrup şəklində oğurluq etdiyi üçün məhkum olunacaq.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.