Rəfael Ağayev: "Yeniyetmə karateçilərimiz üçün təlim məşqlərə başlayıram"
Bu gün Gənclər və İdman Nazirliyində "Bakı-2015" I Avropa Oyunlarında medal qazanmış Azərbaycan karateçiləri ilə görüş keçirilib.
APA TV-nin xəbərinə görə, görüşdə nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, baş məşqçi Rəhman Hətəmov və medal qazanmış idmançılar iştirak edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, yarışlar zamanı idmançıların çıxışları yüksək səviyyədə olub: "İlk olaraq karateçilər yarışa qatıldı. İlk medal İlahə Qasımovanın adına yazıldı. Rafael Ağayev də öz sözünü dedi və dünyada bir nömrə olaraq qaldı. 21 dəfə Bakıda himnimiz səsləndi ki, bunların da 4-ü karateçilərimizin payına düşdü. Bundan gözəl nəticə ola bilməz".
Federasiya prezidenti qarşıdakı yarışlar haqda danışaraq bildirib ki, payız aylarında karateçilərimiz İndoneziyada keçiriləcək yeniyetmə və gənclər arasında dünya çempionatına qatılacaq. Bunun üçün avqust ayından idmançılarımız təlim məşqlərə başlayacaqlar.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov isə deyib ki, milli komandalarımızın tərkibində olan legioner idmançıların olması təsadüfi seçim deyil: "Bir sıra idman növləri var ki, onlar legioner gətirmirlər. Yalnız öz idmançılarımızla məşğuldurlar. Amma onların nəticələri olduqca aşağıdır. Çünki orda rəqabət yoxdur. Legionerlərlə yerli idmançılar arasında mütləq rəqabət olmalıdır. Biz bunu yaradırıq ki, bizim idmançılar onlardan öyrənsin və nəticə olaraq bir çox hallarda onları üstələsin".
Daha sonra karateçilərimiz gələcək planlarından danışıb. Avropa Oyunlarının qızıl medalçısı Rəfael Ağayev yaxın günlərdə böyüdüyü Sumqayıt şəhərində bir sıra idman zallarına gedib, orada olan yeniyetmə karateçilərimizə təlim məşqlər keçəcəyini söyləyib: "Sonra onlar arasından bacarıqlıları Bakıda Rəhman Hətəmovun rəhbərliyi altında bir komandada birləşdirək və həmin idmançıları gələcək yarışlara hazırlayaq".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan karateçiləri 4 qızıl və 2 bürünc medal qazanıb.