Yol polisindən avtomobillərin texniki baxışı ilə əlaqədar sürücülərə müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələri sürücüləri və sahiblərinə müraciət edib.
İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, “Yol hərəkəti haqqında” qanuna ötən ilin fevral ayında edilən dəyişikliklərə əsasən ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.
Yeni qanunla 2004-cü ilə qədər olan (2004-də daxil olmaqla), 2006, 2008, 2010-cu illərin istehsalı olan mexaniki nəqliyyat vasitələrinin (Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün) texniki baxışdan keçmə vaxtı cari ilin may ayının 1-də başlayıb və iyul ayının 31-də başa çatacaq.