Zərdabın məktəb qayğıları...

43 ümumtəhsil orta məktəbi olan Zərdab rayonunda köhnə və qəzalı məktəblər problemi qismən də olsa həllini tapır. APA TV-nin müxbiri bölgədən xəbər verir ki, son bir neçə ildə 13 məktəb binası tikilib istifadəyə verilib. Yeni məktəblərdən biri Çallı kəndindədir. Məktəb müəllimi Vaqif Nağıyev deyir ki, köhnə məktəb 60-cı illərdə tikildiyindən qəzalı vəziyyətdə idi. Sitat: "Binanın tavanı çökmüş, həyətyanı sahəsini su basmışdı. Köhnə məktəb dağıdıb yenisini tikdilər. Bu uşaqların da əhvalına müsbət təsir edir".


3 mindən çox sakini olan Çallı kəndində 360 nəfərlik müasir standartlara cavab verən ikimərtəbəli məktəb binası tikilir. Yeni tədris ilində məktəblilərin bu sinif otaqlarında dərs keçəcəkləri bilidirilir. Rayonun 220 şagirdlik İsaqbağı və 80 şagirdlik Aşağı Seyidlər kəndində də yeni məktəb binalarında tikinti tamamlama işləri aparılır. Yeni istifadəyə verilən məktəblərlə yanaşı, Zərdabda əsaslı təmirə 10 və yenidən tikilməsinə ehtiyac olan 5 qəzalı məktəb var. Rayonun 1200 şagird yerlik Zərdabi adına şəhər 1 saylı məktəb-liseyi də bu sıradadır. Tikildiyi 26 ildə məktəb bir dəfə təmir edilib. Direktor Tofiq Ağayev məktəbin əsaslı təmirə ehtiyacı olduğunu və növbəti tədris ilində təmirə başlanılacağına ümidvar olduğunu deyir. Əsaslı təmirə ehtiyac olan məktəblərdən biri də 2 saylı şəhər tam orta məktəbidir. 1000 şagird üçün nəzərdə tutulmasına baxmayaraq sinif otaqlarının yararsızlığına görə burda 318 şagird təhsil alır. Rayonun Dəliquşçu, Sarıqaya, Əlibəyli tam, II Alıcanlı və şəhər ümumi orta məktəblər isə qəzalı vəziyyətdədir. Kənd sakini Gülnaz Əmrahlı deyir ki, hamı uşaqlarını yaxşı məktəbə göndərmək istəyir. O üzdən narazılıq yaranır.

 

Zərdab rayon icra hakimiyyətinin ictimai və humanitar məsələlər üzrə müavini Rəhman Feyzullayev bildirir ki, son illərdə 13 məktəb istifadəyə verilib ki, onlardan 4-ü 2013-cü ildə tikilib. Müavin məktəblərin maddi texniki bazasının gücləndirilməsi istiqamətində yeni avadanlıq və inventarların alınmasına 296.000 manat maliyyə vəsaiti ayrıldığını və bu rəqəmin ötən beş illə müqayisədə beş dəfə artdığından xəbər verdiyini də əlavə etdi.
 

Müəllif | Apa.Tv
Zahid Abışov